Elmar Məmmədyarov vitse-prezident, Hikmət Hacıyev xarici işlər naziri olacaq - İddia  

21:39 25.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə ölkədə çox ciddi kadr islahatları aparılır. Bəzi məmurlar tutduqları vəzifədən azad edilir və müxtəlif strukturların birləşdirilməsi prosesi gedir. Cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri daha hansı kadr dəyişikliklərinin olacağıdır.

Hafta.az bu barədə bir sıra məlumatlar əldə edib.   

Bu barədə adının açıqlanmasını istəməyən mənbədən aldığımız məlumata əsasən, yaxın günlərdə xarici işlər naziri Elmar Məmmədyarov vitse prezident, vaxtilə XİN sözçüsü işləmiş Hikmət Hacıyev isə xarici işlər naziri təyin edilə bilər. Mənbənin bildirdiyinə görə, hazırda kənd təsərrüfatı naziri postunu tutan İnam Kərimovun ədliyyə naziri və ya İstintaq Komitəsinin sədri təyin olunması gözlənilir.

Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri olan Hikmət Hacıyevin isə XİN başçısı təyin ediləcəyi ehtimal edilir. Elmar Məmmədyarov və Mərkəzi Bankın sədri Elman Rüstəmov bundan sonra vitse-prezident kimi hökumətdə təmsil olunacaqlar.

Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı komitəsi birləşdirilərək ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə həvalə ediləcək.

 İnformasiyanın nə qədər doğru olub-olmadığına isə yaxın günlərdə aydınlıq gələcəyi vurğulanır.